Əmircanov Rövşən Cəlil oğlu
1975-ci il mayın 8-də Bakı şəhərində anadan olub.
1994-cü ildə Türkiyə Respublikasının Qaziantep şəhərində Qaziantep Universitetinin Türk Dili Tədrisi və Araşdırma Mərkəzində türk dili üzrə təhsil alıb.
1994–2001-ci illərdə Türkiyə Respublikasının Konya şəhərində Səlcuq Universitetinin İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsində “Dövlət idarəçiliyi” ixtisası üzrə ali təhsil alıb.
2011–2013-cü illərdə Rusiya Federasiyasının Moskva şəhərində Amerika Gemmoloji İnstitutunda (GIA) “Almazlar və almazların dərəcələndirilməsi”, həmçinin Moskva Gemmoloji İnstitutunda almazların qiymətləndirilməsi proqramı üzrə gemmologiya sahəsində əyani və qiyabi formada təhsil alıb.
Əmək fəaliyyətinə Türkiyədə başlayıb. 2001–2002-ci illərdə Türkiyənin Antalya bölgəsində “Zengin Turizm LTD. ŞTİ” şirkətində region üzrə menecer vəzifəsində çalışıb.
2002–2006-cı illərdə Türkiyənin Antalya şəhərində “GABE Turizm və İnşaat LTD. ŞTİ” şirkətində marketinq və dizayn üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
2006–2009-cu illərdə Qazaxıstan Respublikasının Almatı və Aktöbə şəhərlərində “Nicole Gems” MMC-də qiymətli metallar və qiymətli daşlar üzrə menecer, eyni zamanda 2007–2009-cu illərdə Qazaxıstan Respublikasının Aktöbə şəhərində Kcell mobil rabitə operatorunun regional ofisinin direktoru vəzifəsində çalışıb.
2010–2013-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsində aparıcı məsləhətçi-əyarçı vəzifəsinə təyin edilib.
2011-ci ildə 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilib.
2013-cü ildə “Dəmirbank” ASC-də qiymətli metalların qiymətləndirilməsi üzrə ekspert, eyni zamanda “Dəmir İT” MMC-də kadrlar üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
2014–2019-cu illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2014-cü ildə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin tikinti materialları və maşınqayırma məhsullarının keyfiyyətinə nəzarət şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilib.
2015-ci ildə xidmət sahələrində standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə nəzarət şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin edilib.
2016-cı ildə Komitə Aparatının Reyestr və Kadastr şöbəsinin uyğunluğun qiymətləndirilməsi üzrə reyestr sektorunun müdiri vəzifəsinə təyin edilib. Həmin ildə Komitə Aparatının Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
2016-cı ildə 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilib.
2017–2019-cu illərdə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin İnzibati departamentinin direktoru vəzifəsini icra edib.
2019–2025-ci illərdə “AzerGold” QSC-də Strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin satış və layihələrin idarə olunması, eləcə də investisiya və data analitikası sektorlarında, daha sonra isə Strateji planlaşdırma və layihələrin idarə olunması şöbəsinin ixrac, strateji təhlil və planlaşdırma sektorunda baş mütəxəssis vəzifəsində çalışıb.
2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən təsis edilmiş “Qiymətli metallar və qiymətli daşlar” üzrə standartlaşdırma texniki komitəsinin sədridir.
2023-cü ildən “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin üzvü və sədr müavinidir.
2023-cü ildən ISO/TC 174 “Zərgərlik məmulatları və qiymətli metallar” üzrə beynəlxalq texniki komitənin üzvüdür.
2025-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də direktorun müşaviri vəzifəsinə təyin edilib.
11 dekabr 2025-ci ildən həmin Mərkəzdə direktor müavini vəzifəsini icra edir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir.