Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə eskpertizaların keçirilməsi
Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi aşağıda göstərilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli Sazişlərin, Qaydaların və daxili qanunvericiliyin müddəaları ilə tənzimlənir:
- Müstəqil Dövlətlər Birliyinin Hökümət Başçıları Şurasının 24.09.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları”;
- Müstəqil Dövlətlər Birliyinin Hökümət Başçıları Şurasının 30.11.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları”;
- Azərbaycan Respublikası Prezidentinin 1046 nömrəli 17.07.2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları” Saziş (Yalta şəhəri, 20.11.2009-cu il);
- Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi və onun 2-ci Əlavəsi: Malların preferensial mənşə qaydaları və inzibati əməkdaşlıq metodları haqqında qaydalar;
- Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”;
- Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”;
- “GUÖAM iştirakçıları olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları”;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2014-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları”.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən göstərilən xidmətlərin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 11 nömrəli 28.10.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 25.04.2012-ci il tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”na əsasən sifarişçilərin müraciətləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün Mərkəzə göndərilir.
Sifarişçi tərəfindən təqdim edilmiş ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
- sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);
- qaimə-fakturanın (invoysun) surəti;
- ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;
- ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya).
Mərkəz tərəfindən malların mənşə ölkəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq qaydada keçirilmiş ekspertizaların nəticələrini təsdiq edən ekspertiza aktları tərtib edilərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edilir.